Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb

01 oktyabr 2020 | 00:00

Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin proqramda verdiyi müsahibədən irəli gələn tezislər təqdim olunur.

- Müharibəyə başlayan Ermənistandır. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Fəal döyüş əməliyyatları aparılır;

- Türkiyə regionda sülhün təminatçısıdır. Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyə mənəvi dəstək göstərir və Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına Azərbaycan ilə həmrəy olduğuna və dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır;

- Azərbaycanın Ermənistanın torpaqlarında hərbi maraqları yoxdur.  İnformasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur;

- Azərbaycan müzakirələrdə hər zaman konstruktiv olub. Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə dəfələrlə bəyan edilib ki, illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan edilib ki, danışıqların formatına da sadiqik.

- Münaqişənin yalnız iki tərəfi var. Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Dövlət sərhədindəki bizim mövqelərəmizə hücum edilib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan danışıqlara sadiqdir, lakin Ermənistan tamamilə əks hərəkətlər görür;

- Ermənistan artıq bir neçə ay idi ki, hücuma – yeni müharibəyə hazırlaşırdı. Onların hərəkətlərinin və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdi ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar dövlət sərhədindəki yaşayış məntəqələrə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi. Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı.

- Qanunsuz məskunlaşma qəbuledilməzdir. Ermənistan açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar şüurlu provokasiyalar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Azərbaycan təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər.

- Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Bu gün Ermənistanda Soros rejimi mövcuddur. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə hücum etməzdən iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.

- Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən qismən səfərbərlik elan edilib. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin.

Qeyd olunmalıdır ki, həmin proqramda beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi.

Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştirak etdilər.

“Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko:

– Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi, bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır.

 

Keçidlər