Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərinin sakinləri ilə səyyar qəbul-görüş keçirilib

13 noyabr 2019 | 16:00

Tovuz rayon  İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun  yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar qəbul-görüş  Tovuz şəhəri E. Məmmədov adına tam orta məktəbin akt zalında keçirilmişdir.

Səyyar görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri,  icra olunan qlobal layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial–iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, möhtərəm cənab Prezidentimiz dünən bir neçə rayona yeni təyin olunmuş icra başçılarını qəbul edərkən proqram xarakterli nitq söyləmiş, ölkəmizdə aparılan uğurlu siyasətin nəticələrini ətraflı təhlil etmiş, yerli icra orqanlarının qarşısında duran vəzifələri bir daha vurğulamışdır. Cənab Prezident bir daha onun həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını, hər bir məmurun xalqın xidmətçisi olduğunu diqqətə çatdırmışdır.

Sonra rayon rəhbəri Tovuz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Səyyar qəbul-görüşdə iştirak edən şəhər sakinləri onları maraqlandıran məsələlərlə bağlı fəal vətəndaş mövqeyi nümayiş etdirmişlər.

Sakinlər son vaxtlar Tovuz şəhərində  icra olunan layihələrdən razılıqlarını və buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirmiş, şəxsi problemlərini dilə gətirmişlər.

Onlar şəhərdəki çoxmənzilli binaların həyətlərinin abadlaşdırılması, bəzi küçələrdə elektrik şəbəkəsində olan nasazlıqların aradan qaldırılması, içməli su və kanalizasiya sistemlərində olan qüsurlar, yeni yaşayış evlərinə  telefon çəkilməsi, şəhərin “Təzəkənd” adlanan ərazisində yeni uşaq bağçasının açılması, iş tələbi və digər məsələlərlə bağlı müraciətlər etmişlər.

Vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirilmiş, qanunauyğun izahatlar verilmiş,  həlli istiqamətində tədbirlərin  görülməsi aidiyyatı qurumlara tapşırılmışdır.

Keçidlər