Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr Azərbaycan bayrağı günü münasibətilə möhtəşəm yürüş keçirilmişdir

09 noyabr 2019 | 16:00

9 noyabr Azərbaycan bayrağı günü münasibətilə rayonda möhtəşəm yürüş keçirilmişdir. Tədbirdən əvvəl əllərində iri ölçülü bayraqlarla hərbi qulluqçular, müharibə əlilləri və veteranları, şəhid ailələri, gənclərin və  rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı izdiham Tovuzdakı şəhidlər xiyabanını ziyarət etmişlər.

Şərəfimiz, qürürumuz olan 9 noyabr Bayraq günü kimi dövlət bayramı şərəfinə Heydər Əliyev adına meydana minlərlə insan toplaşmışdı. Tədbir iştirakçıları ilk öncə meydanın mərkəzində ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehiramla yad etmişlər.

Tədbirin rəsmi hissəsi açıq elan olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yürüş iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Müqəddəs Bayrağımız 1918-ci il noyabrın 9-da  Azərbaycan Demokratik Respublikası tərəfindən qaldırılıb.  Üçrəngli Milli Bayrağımız ikinci dəfə 70 il fasilədən sonra 1990-cı il noyabrin 17-də Naxçıvanda Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir.

Bu gün Azərbaycan Respublikası üçrəngli  dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Azərbaycan bayrağı bütün dünya azərbaycanlılarının milli birliyinin ifadəsidir və hamımızın qürur mənbəyimizdir.

Biz möhkəm inanırıq ki, cənab Prezidentimiz, Ali Baş Komandanın apardığı ardıcıl, məqsədyönlü və qətiyyətli siyasət nəticəsində bayrağımız tezliklə Qarabağda, Şuşada, işğaldan azad olunmuş vətən torpaqlarında dalğalanacaqdır!

Çıxışının sonunda M. Məmmədov rayon ictimaiyyətini  Dövlət Bayrağı  günü münasibətilə bir daha təbrik etmişdir.

Sürəkli alqışlar və təntənəli marşın sədaları altında əllərində bayraq, transporat olan minlərlə sakin, gənclərin və yaşlı nəslin nümayəndələri nizamla düzülərək Heydər Əliyev adına Mərkəzin qarşısından başlamaqla şəhərin Sabir küçəsi, Səməd Vurğun küçəsi, Heydər Əliyev prospektindən keçib getməklə rayondakı Bayraq Meydanına doğru yürüş etmişlər.

Yürüş iştirakçıları Bayraq Meydanını tamamilə dolduraraq Bayraq Zirvəsində də Azərbaycanın Dövlət Bayraqlarını dalğalandırmışlar. Daha sonra rayonun incəsənət ustaları Bayrağımızı, Vətəni vəsf edən geniş bayram proqramı ilə çıxış etmişlər. Gənclər, idmançılar, kiçik yaşlı uşaqlar dövlət bayrağının şərəfinə hazırladıqları ədəbi-bədii kompozisiyaları nümayiş etdirmişlər.

Yürüş iştirakçıları Dövlət Bayrağını göz bəbəyi kimi qoruyacaqlarına, dövlət atributu, şərəf və ləyaqət simvolu kimi onu daim uca tutacaqlarına and içmişlər.

 

Keçidlər