Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib

03 iyul 2019 | 16:00

Tovuz rayon  İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun  yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar qəbul-görüş  Tovuz şəhərinin Semzavod ərazisində N. Tusi adına məktəb-liseyin akt zalında  keçirilmişdir. 
Səyyar qəbul-görüşü rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Prezidentin Fərmanı ilə problemli krediti olan 800 min nəfərdən çox şəxsə dövlət büdcəsindən kompensasiya ödənilib.
Bu günlərdə Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atdı. Belə ki, ölkə prezidentinin imzaladığı  sərəncamlarla minimum əmək haqqı bir daha artırılaraq sentyabrın 1-dən etibarən 180 manatdan 250 manata qaldırıldı. Büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırıldı. Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan müəllimlərin əmək haqqı 20 faiz artırıldı.
Bunlar son illər ərzində cənab Prezident tərəfindən aparılan düşünülmüş  siyasətin nəticəsidir və ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə xidmət etdiyini göstərir.
Sonra cənab başçı Tovuz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən danışmış, iştirakçıları onları maraqlandıran məsələlərlə bağlı fəal olmağa çağırmışdır.
Tovuz şəhər sakinləri son vaxtlar Tovuz şəhərində  icra olunan layihələrdən razılıqlarını və buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək şəhərin sosial-iqtisadi inkişafı və şəxsi problemləri ilə bağlı bir sıra məsələləri dilə gətirmişlər.
Sakinlər şəhərin küçələrinə asfalt-beton örtük qoyulması işlərinin davam etdirilməsi, elektrik təsərrüfatında olan nasazlıqların aradan qaldırılması, çoxmənzilli binaların həyətinin abadlaşdırılması, içməli su və kanalizasiya sistemlərində olan qüsurların aradan qaldırılması, iş tələbi, sosial müdafiə məsələləri barədə təklif və tənqidi qeydlərlə çıxış etmişlər.
Vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirilmiş, qanunauyğun izahatlar verilmiş,  həlli istiqamətində tədbirlərin  görülməsi aidiyyatı qurumlara tapşırılmış və şəhər ərazisində abadlıq-quruculuq işlərinin bundan sonra da  davam etdiriləcəyini vurğulanışdır.

Keçidlər