Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirildi

17 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, respublikanın bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günləri təşkil edilir. Bu gün Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə "Açıq qapı" günü  ilə əlaqədar zabit və əsgərlərlə görüş keçirilmişdir.
Görüşdə Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, korpus komandiri, general-mayor Xaqani Cəbrayılov, hərbi hissənin rəhbər heyəti, əsgərlərin valideynləri, ziyarətçilər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Şəxsi heyyətin qarşısında korpus komandiri, geniral-mayor Xaqani Cəbrayılov çıxış edərək qarşıdan gələn Novruz bayramı münasibətilə əsgər və zabitləri, valideyinləri və digər iştirakçıları təbrik edərək, Respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünun qarantıdır. X. Cəbrayılov ümummilli lider Heydər Əliyevin ordumuzun yaradılmasındakı tarixi xidmətlərindən və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sahədə apardığı islahatlardan söz açıb. Bu islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşdığını qeyd edib.
Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək vurğulayıb ki, Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ulu Öndərin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev də Ümummilli Liderin başlatdığı bu şərəfli işi uğurla davam etdirərək, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaratmağa nail olub.  Tovuz rayonunda ordu ilə yerli əhalinin birliyindən, düşmənlə üzbə-üz olan 69 kilometr məsafədə təmas xəttində ordumuzun bölmələrinin ayıq-sayıq dayandığını və həmişə əhalimiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırmış, ordumuzla qürur duyduğumuzu qeyd etmişdir.
Tədbirdə rayon mədəniyyət mərkəzinin aktyorları Novruz ənənələrinə uyğun səhnəciklər nümayiş etdiriblər. Tədbir konsert proqramı ilə davam edib. Şəxsi heyyət rayonun gənc idmançılarının nümunəvi çıxışlarına baxıblar.
Tədbir iştirakçıları daha sonra hərbi hissədə yaradılan şəraitlə tanış olub, əsgər həyatını əks etdirən sərgiyə baxıblar. Onlar əyani olaraq əsgər yataxanalarına, məişət otaqlarına, yeməkxanaya baxış keçirmiş, əsgər və zabitlərin qulluq şəraiti ilə bağlı məlumatları dinləmişlər. Əsgər valideyinləri və digər ziyarətçilər şəxsi heyyətlə birlikdə nahar ediblər. Yeməklərin çeşidi və keyfiyyəti onlarda məmnunluq hissi yaratmışdır.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər