Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Nağıyev Pərviz Güloğlan oğlunun doğum günüdür

02 yanvar 2022 | 02:05

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbiçilər şəhid Nağıyev Pərviz Güloğlan oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar.

Pərviz Güloğlan oğlu Nağıyev 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 1997-2008-ci illərdə E.Məmmədov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb.

Pərviz Nağıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra bir müddət fərdi təsərrüfatla məşğul olub. 08.09.2020-ci il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan Pərviz Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Pərviz Nağıyev sentyabrın 29-da Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə Tovuz şəhərində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə çavuş Nağıyev Pərviz Güloğlan oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.


 

Keçidlər