Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vəlixanov Rövşən Aydın oğlunun doğum günündə xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

15 oktyabr 2021 | 16:00

Tovuz rayonunun Qaraxanlı kəndində Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Vəlixanov Rövşən Aydın oğlunun doğum günündə xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

Bulaq kompleksinin açılışından əvvəl tədbir iştirakçıları şəhid Rövşən Vəlixanovun məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar.

Xatirə bulağının açılışında çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Rövşən Vəlixanovun şərəfli həyat yolundan bəhs ediblər.

Xatirə bulağının açılışında məktəblilərin və körpələr evi-uşaq bağçasının fidanlarının ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Rövşən Vəlixanov 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 2001–2012-ci illərdə F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər