Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Yusifov Elburus Şəmsi oğlunun doğum günüdür

12 may 2021 | 16:00

Bu gün Vətən müharibəsi şəhidimiz Yusifov Elburus Şəmsi oğlunun doğum günüdür. Bu münasibətlə Tovuz rayon Heydər Əliyev Mərkəzinin, gənclər və idman idarəsinin, mədəniyyət mərkəzinin və mərkəzləşmiş kitabxana sisteminin əməkdaşları şəhid Elburus Yusifovun məzarını ziyarət edib və ailəsinə baş çəkiblər.

Şəhid Elburus Yusifov 12 may 1985-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1991-2002-ci illərdə Naiq Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. O, 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Xidməti dövründə qüsursuz xidmət keçdiyinə və döyüş hazırlığında uğurlar qazandığına görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları və “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib. 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elburus Yusifov oktyabr ayının 1-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər