Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun aran bölgəsində kartof əkini başa çatmaq üzrədir

06 aprel 2021 | 16:00

Ölkədə kartof istehsalının həcminə görə Tovuz öndə gedən rayonlardandır. Hazırda rayonda kartof əkini xeyli sürətlənmişdir. Artıq aran ərazilərdə əkin başa çatmaq üzrədir. Bir azdan isə prosesə dağ kəndlərində başlanacaqdır.

Kartofun əkini texnika ilə yanaşı, əl əməyi vasitəsilə də həyata keçirilir. Son günlər havanın yağıntılı keçməsi isə fermerlərin bol məhsul götürəcəklərinə inamını artırıb. Onlar keçən ildən fərqli olaraq bu il hər hektardan 25-30 ton məhsul götürəcəklərini düşünürlər.

Qeyd edək ki, keçən il 6 min 748,7 hektarda kartof əkən rayon sakinləri 174 min 453,5 ton məhsul istehsalına nail olmuşlar. Orta hesabla hər hektardan 258,5 sentner məhsul götürülmüşdür. Hazırda rayonda kartofçuluqla məşğul olan çoxlu sayda fermer təsərrüfatı var. Onlar kartofun əkilməsindən tutmuş, çıxarılmasınadək bütün işlərin çox hissəsini texnikaların vasitəsilə həyata keçirirlər.

Rayonda ən çox kartof əkən kəndlərdən biri də Əyyubludur. Kənddə əhalinin demək olar ki, 90 faizi kartof əkir. Kartofçuluq üçün əlverişli olan əkin sahələrinin hər hektarından ildə 25-30 sentner məhsul götürən təsərrüfat sahibləri bu il daha yüksək göstəricilərə nail olacaqlarına əmindirlər.

Fərrüx Qurbanovun hər il yetişdirdiyi kartofun satışından əldə etdiyi gəlir ailəsinin dolanışığını artıqlaması ilə təmin edir. Fermer keçən il hər hektardan 250 sentner məhsul götürmüşdür. Əldə etdiyi qazanc onu razı saldığından bu il əkin sahəsini genişləndirərək 1,5 hektara çatdırmışdır.  

Rayonda kartofçuluqla məşğul olanlardan biri də fermer Sakit Yəhyayevdir. Deyir ki, kartof toxumlarını Rusiyadan özü gətirir. Onun məhsuldarlığına əmin olduğu üçün həm özü istifadə edir, həm də fermerlərə satışını təşkil edir. “Anna koroleva”, “Arizona” toxumları məhsuldar olduğundan kartofun bu növlərinə üstünlük verir.

Digər fermer Elxan Sarıyev isə deyir ki, kartof əkinində əl ilə yanaşı,  texnikadan da istifadə edir. Lakin toxum cücərmiş halda olduğundan əl əməyindən istifadə daha məqsədəuyğundur. Səpindən sonra isə sahənin suvarılması həyata keçiriləcək. Bu il havaların yağıntılı keçməsi fermerlərdə ruh yüksəkliyi yaradıb. Hazırda əkin sahələrində 35 işçi çalışır. Onlar kartof əkinini başa çatdırmaq üçün var qüvvələri ilə işləyirlər. İndi əkini aparılan kartofun yığımına isə təxminən dörd aydan sonra başlanacaq.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər