Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika qəzeti: CƏSUR KƏŞFİYYATÇI

05 aprel 2021 | 16:00

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan əsgərləri 44 günlük Vətən müharibəsində döyüş meydanında misilsiz qəhrəmanlıqlar nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməklə 30 ilə yaxın işğal altında olan müqəddəs torpaqlarımızdan düşməni iti qovan kimi qovaraq xalqımıza möhtəşəm qələbə sevincini yaşatdılar. Ali Baş Komandanın bir çağırışı ilə respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da yüzlərlə gənc cəbhəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə axışmışlar.

2020-ci ilin iyul ayında mənfur düşmənin Azərbaycanın dövlət sərhəddini Tovuz rayonu ərazisində pozması cəhdi tovuzlu gənclərdə ermənilərə qarşı nifrəti daha da alovlandırmışdı. Bu baxımdan tovuzlular müharibəyə yollanmaqda daha çox israrlı olmuşlar. Vətən müharibəsinə könüllü gedən tovuzlu bir gənclə karantin qaydalarına əməl etməklə görüşüb həmsöhbət olduq. Torpaqlarımızın azadlığı uğrunda gedən haqq savaşında şərəfli döyüş yolu keçmiş Məmmədov Adil Həsən oğlu 30 oktyabr 1997-ci ildə Tovuz rayonunun Alakol kəndində dünyaya göz açmışdır.

2004-2015-ci illərdə Alakol kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə o, həqiqi hərbi xidmətə getmiş, 2017-ci ildə hərbi xidməti başa vurmuşdur. Hərb xidməti Goranboy rayonunun Tapqaraqoyunlu kəndində kəşfiyyat bölüyündə keçmişdir. Xidmət dövründə o nümunəvi xidmətinə görə komandanlıq tərəfindən tərifnamə ilə təltif olunmuşdur.

Vətənpərvər gənc olan Adil torpaqlarımızın işğal altında olması ilə heç cür barışmırdı. Buna görə də 2020-ci ilin sentyabr ayının 27-də ordumuzun əks-hücum əməliyyatı keçirərək torpaqlarımızın azadlığı uğrunda apardığı müharibəyə yollanmağa qərar verdi. 2020-ci ilin sentyabr ayının 27-də öz qəlbinin səsinə qulaq asaraq könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə gəlmişdir. O, bir həftə Gəncə şəhərindəki «N» saylı hərbi hissədə təlim keçdikdən sonra Füzuli rayonuna, oradan isə xidmət etdiyi kəşfiyyat bölüyü ilə birlikdə Qubadlıya yollanmışdır. Onların bölüyü kəşfiyyat aparmaqla düşməni yerləşdiyi nöqtələrin dəqiq koordinatını müəyyən etmək kimi məsuliyyətli işi həyata keçirmişlər.

Kəşfiyyat bölüyünün verdiyi dəqiq məlumata əsasən cəsur Azərbaycan əsgərlərinin sərrast atəşi nəticəsində çoxlu sayda düşmən məhv edilmişdir. Qazi Adil Məmmədovun dediyinə görə Qubadlıda ermənilərin keçilməz qala saydıqları bir post olmuşdur. Kəşfiyyat bölüyünün şəxsi heyəti həmin postun dəqiq koordinatlarını müəyyən etmiş və məlumat vermişlər. Qeyd olunan postu cəsur Azərbaycan əsgərləri heç bir itki vermədən götürmüşlər. Qubadlı işğaldan azad olunduqdan sonra igid qazimiz döyüş yoldaşları ilə birlikdə Cəbrayıl rayonuna yollanmışlar. Bölüyün şəxsi heyəti bir az istirahət etmək üçün dayanmalı olmuşlar. Elə həmin an mənfur düşmən minomyotlardan bölüyü atəşə tutmuşdur. Çox təəssüflər olsun ki, həmin vaxt 1 nəfər döyüşçümüz şəhid olmuşdur. Adil döyüş yoldaşının qəlpə yarası aldığını gördükdə özünü ona sipər etmişdir ki, ona yenə də qəlpə dəyməsin.

Qazi qeyd edir ki, ağır yaralanan Azərbaycan əsgərinin 3 azyaşlı övladı var. O, döyüş yoldaşının həyatda qalması üçün bu addımı atmışdır. Bəli, bu cür mərdlik yalnız yenilməz Azərbaycan əsgərinə məxsusdur.

Çox heyf ki, güclü qanaxmadan onun əsgər yoldaşı əslən Ağstafa rayonundan olan igid döyüşçü şəhidlik zirvəsinə ucalmışdır. Adil Məmmədov çox çətinliklə şəhid olmuş yoldaşını döyüş meydanından çıxarmışdır.

Kəşfiyyat bölüyü 22 nəfər şəxsi heyətlə ermənilərin həmin hərbi hissəsinin arxa tərəfinə keçərək dəqiq koordinatını müəyyən etmişdir. Beləliklə, həmin hərbi hissə igid Azərbaycan əsgərləri tərəfindən darmadağın edilmişdir.  Bu əməliyyatda mənfur düşmən çoxlu sayda itki verərək geri çəkilmişdir.

Cəbrayıl rayonu işğaldan azad olduqdan sonra Adilgilin bölüyü Laçın rayonunun azad olunması uğrunda gedən hərbi əməliyyatlara qatılmışdır. 2020-ci il 21 oktyabr tarixdə Laçın rayonunun Güləbird kəndi uğrunda gedən şiddətli döyüşdə cəsur kəşfiyyatçı Adil Məmmədov ağır yaralanmışdır. Əsgər yoldaşları onu yaxınlıqdakı tibb məntəqələrinin birinə çatdırmışlar. İlkin tibbi yardım göstərildikdən sonra onu dərhal Bakı şəhərinə hərbi hospitala çatdırmaqla ölümün pəncəsindən xilas etmişlər. Qazimiz 2 ay Bakı şəhərində müalicə olunmuşdur.  Hazırda onun müalicəsi davam etdirilir. Gənc oğlanın vəziyyəti günbəgün yaxşılaşır. Qazi Adil Məmmədovun xidmətləri nəzərə alınaraq dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə

1. «Qubadlının azad olunmasına görə»

2. «Cəbrayılın azad olunmasına görə»

3. «Laçının azad olunmasına görə»

4. «Hərbi xidmətlərə görə» medalları ilə təltif olunmuşdur.

İgid qazimiz yaralanmasına heç də təəssüflənmir. Vətən uğrunda canından keçməyə həmişə hazır olduğunu fəxrlə söyləyir.

Orta məktəbdə Adilin müəllimi olmuş Sabir Məmmədov qazi haqqında yüksək fikir səsləndirərək bildirdi ki, Adil səmimi, dürüst, vətənpərvər bir gəncdir. Məktəb illərində o, hər kəslə mehriban rəftar edirdi. Həmişə torpaqlarımızın azadlığı uğrunda müharibə olduğu halda mütləq könüllü orduya yollanacağını söyləyirdi. Sabir müəllim qeyd etdi ki, məktəbimizin məzunu qazi Adil Məmmədovla bütün kənd camaatı fəxr edir. Adil Məmmədov və ailə üzvləri Tovuz rayon rəhbərlinin ona hər an maddi və mənəvi dəstək göstərdiyini yüksək qiymətləndirərək bunu Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirdi.

Vəli VƏLİYEV,

«Respublika»

Keçidlər